logo

“Azəri-Çıraq-Günəşli”dən hasilat azalacaq

16:10 05-01-2021 | icon 2611
“Azəri-Çıraq-Günəşli”dən hasilat azalacaq

2021-ci ildə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan neft hasilatının azalacağı gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir.

Bildirilir ki, "AÇG" yatağı üzrə cari ildə 171,6 milyon barrel neft hasil olunacaq. 2020-ci ildə bu göstərici 174,6 milyon barrel, 2019-cu ildə isə 195 milyon barrel təşkil edib.

2017-ci il 14 sentyabr tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard ABŞ dolları ödənilməsi nəzərdə tutulur ki, bonus məbləğinin 4-ci hissəsi - 450 milyon dolları və ya 765 milyon manatının 2021-ci ilin ilk ayında ödənilməsi gözlənilir.

Qeyd edək ki, "AÇG" yataqlar blokundan ilk neft hasilatından bəri ümumi istehsal 3,8 milyard barreli (500 milyon tondan çox) keçib.

"AÇG"də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, “AzAÇG” (SOCAR) 25 faiz, MOL 9,57 faiz, “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, TPAO 5,73 faiz, “Itochu” 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.

"AÇG" üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.