logo

Ərəb şirkəti Azərbaycanda külək elektrik stansiyası tikəcək

17:57 29-12-2020 | icon 5901
Ərəb şirkəti Azərbaycanda külək elektrik stansiyası tikəcək

Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkəti arasında, həmçinin şirkətlə “Azərenerji” ASC arasında 240 MVt gücündə külək elektrik stansiyası layihəsi ilə bağlı müqavilələr imzalanıb.

YeniAvropa xəbər verir ki, imzalanma mərasimi dekabrın 29-da onlayn formatda baş tutub.

İlk olaraq müqaviləni energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkətinin idarə heyətinin sədri Məhəmməd Əbunəyyan imzalayıblar. Növbəti müqavilə isə “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev ilə “ACWA POWER” şirkətinin idarə heyətinin sədri Məhəmməd Əbunəyyan arasında imzalanıb.

Qeyd edək ki, dekabrın 29-da prezident İlham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti arasında əməkdaşlıq haqqında memorandumu imzalanıb. Sənədi energetika nazirinin müavini Samir Vəliyev və “ACWA POWER” şirkətinin direktoru Ayad Əl Amri imzalayıb. Anlaşma memorandumu Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə investisiya qoyuluşu, bunun üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirir. Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti əsasən bərpa olunan enerji mənbələrindən istifadə və dəniz suyunun duzsuzlaşdırılması sahələrində ixtisaslaşmış şirkət olaraq enerji və su layihələrini həyata keçirir. Şirkət hazırda Asiya və Afrika ölkələrində, o cümlədən Misir, İordaniya və digər ölkələrdə külək və günəş enerjisi layihələrini həyata keçirir.