logo

Karantində özünə ad günü keçirən məktəb direktoru işdən çıxarıldı

14:51 28-12-2020 | icon 2163
Karantində özünə ad günü keçirən məktəb direktoru işdən çıxarıldı

Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova vəzifısindən azad olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat yayıb:

"Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib".

Xatırladaq ki, sosial şəbəkələrdə 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etməsi barədə görüntülər yayılıb. Onun bu hərəkəti ictimai qınağa səbəb olub.

Xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq özünə ad günü keçirən məktəb direktorunun ad günündə əməkdar artist Mətanət İsgəndərli də iştirak edib. 

Xatırladaq ki, məktəb direktoru bundan öncə də qalmaqallı açıqlamaları ilə bir neçə dəfə gündəmə gəlib. Belə ki, üç il əvvəl Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbin müəllimlərindən biri təhsil nazirinə məktub yazaraq, sözügedən direktordan şikayət edib, onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş edib. "Axar.az" saytının əməkdaşı məhz həmin şikayətlə bağlı açıqlama almaq üçün Nailə Məmmədova ilə əlaqə saxlayıb. Onun cavabı isə belə olub: “Get işinlə məşğul ol! Deyəsən, sənin başın bədəninə ağırlıq edir. Get öyrən, gör sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb? Sübutun varsa, yaz! Duxun varsa, dediklərinin arxasında dayan! Çox ayıb olsun. Sənin "axar.az"ına da ayıb olsun, axmayan ağzına da ayıb olsun... Tərbiyəsiz!”

Direktorun jurnalistə qarşı etdiyi hörmətsizlik və verdiyi cavab onu tənqid obyektinə çevirib, rəhbərlik tərəfindən ona şiddətli töhmət verilib. Direktorun bir digər qalmaqalı isə ondan 5 min manat rüşvət tələb edən sayt rəhbərindən şikayət edərək onu həbs etdirməsi ilə bağlı olub. Bu mövzu ilə bağlı direktorun məhkəmə prosesi də baş tutmuşdu. O, məhkəmədə  "Sayt rəhbəri pulu almaq üçün məni evinə çağırdı. Korrupsiyanın işçiləri gec gəlirdi, bu səbəbdən də mən onun evində danışaraq başını qarışdırdım, suallar verməyə başladım. Qapının ağzında yerə yıxdım, üstünə oturdum ki, qaça bilməsin”, - demişdi.

Qeyd edək ki, məktəb direktoru Nailə Məmmədova İctimai Nəzarət Koalisiyasının (İNK) sədri Rasim Məmmədovun bacısıdır.