logo

10 kq-dan çox narkotik vasitə dövriyyədən çıxarılıb

15:51 25-12-2020 | icon 3899
10 kq-dan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları uğurla davam etdirirlər.

 YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, vətəndaş Pərvin Vəliyeva daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı saxlanılıb. Onun üzərinə və evinə baxış zamanı ümumilikdə 4 kiloqram 709 qram heroin, 3 kiloqrama yaxın metamfetamin və iki elektron tərəzi aşkarlanaraq götürülüb.

Araşdırma zamanı Pərvin Vəliyevanın narkotik vasitələri satmaq məqsədilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyi müəyyənləşdirilib.

Polis əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan vətəndaş Tərlan İsrafilov saxlanılıb. Onun üzərinə və idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı ümumilikdə 100 qrama yaxın heroin, 120 qram marixuana, 73 qram metamfetamin, 3 elektron tərəzi və bir tapança aşkar olunaraq götürülüb.

Həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan vətəndaş Cəmil Əhmədov saxlanılıb. Ondan 1 kiloqram 150 qram qurudulmuş marixuana və bir elektron tərəzi aşkar edilib. Araşdırma zamanı müəyyən olunub ki, narkotik vasitələri Cəmil Əhmədova həmyerlisi Cəlal Quliyev satıb. Həmin şəxs də saxlanılaraq istintaqa təqdim edilib.

Digər bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş şəxslər Məhəmməd Həbibov və Aynur Yaqubova saxlanılıblar. Məhəmməd Həbibovdan 1 kiloqram 144 qram heroin, 175 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Aynur Yaqubovadan isə 130 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Sonuncu silsilə əməliyyatlar zamanı polis əməkdaşları tərəfindən 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həmin şəxslər tutularaq istintaqa təqdim olunublar. Əldə olunan narkotik vasitələrin mənbələrinin aşkarlanması istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.