logo

Mətanət İsgəndərli o məclisə çörək pulu üçün gedib?

17:57 23-12-2020 | icon 1750
Mətanət İsgəndərli o məclisə çörək pulu üçün gedib?

187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın ad gününü əks etdirən video sosial şəbəkələrin və mətbuatın gündəmini zəbt edib. Müzakirələrə səbəb olan doğum gününə Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyi(DİN) də səssiz qalmayıb. 

 YeniAvropa xəbər verir ki,təhsil naziri Emin Əmrullayev karantin rejimini kobud şəkildə pozaraq özünə dəbdəbəli ad günü keçirən 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovaya şiddətli töhmət verib.

Mətbuat xidmətindən bildirilib ki, N. Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı videomateriallar yayılandan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal araşdırmalara başlayıb və fakt təsdiqini tapıb.

Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokollar tərtib edilib. Məclisin digər iştirakçılarının da müəyyən edilməsi üçün tədbirlər davam etdirilir.

Məclislə bağlı diqqət çəkən digər məqam İkinci Qarabağ müharibəsi dövründə Türkiyədə konsert verdiyi üçün tənqid olunan əməkdar artist Mətanət İsgəndərlinin orada çıxış etməsi olub.

Musavat.com-un əməkdaşı məsələ ilə bağlı fikrini almaq üçün Mətanət İsgəndərli ilə əlaqə saxlayıb. Müğənninin köməkçisi Əməkdar artistin məsələ ilə bağlı danışmaq istəmədiyini deyib. Lakin müğənni həmkarları susmayıb, öz mövqelərini bildiriblər.

Müğənni Yaşar Cəlilov qeyd edib ki, sənətçilər çörək pulu qazanmaq üçün məclislərə gedirlər: “Bizə hər hansı tədbir, məclis barədə təklif gəlməyib. Hətta verilən behləri belə geri qaytarmışıq. Qaydaları pozaraq məclislərdə iştirak edən müğənnilərə gəldikdə isə, biz heç kimin yaşayış tərzini, imkanını bilmirik. Hər kəs bir parça çörəyini qazanır. Sənət adamları aylardır işsizdir. Yəqin ki, maddi ehtiyacları var ki, məclislərə gedirlər. Hər kəsin şəxsi işidir. Qarışmağa haqqımız yoxdur”.

Müğənni Afət Fərmanqızı karantin qaydalarını pozanlara ciddi cəza verilməsinin vacib olduğunu vurğulayıb: “Mənə Moskvadan da, Bakıdan da tədbirlərdə, məclislərdə iştirak etməklə bağlı təkliflər gəlir. Hamısına “yox” deyirəm. Çünki pandemiya ilə bağlı dövlət başçımızın, dövlətimizin verdiyi qərarlar var. Həm də sağlamlığımız üçün özümüzü qorumalıyıq. Qadağaların əksinə gedən müğənniləri də, insanları da qınayıram. Olmaz. Ad günü edənləri ümumiyyətlə başa düşmürəm. Toy elədir ki, valideynlər qorxur ki, övladının nişanı qayıdar. Ona görə tələsik məclis edirlər. Onları hardasa başa düşürəm. Amma ad günü etmək vacib deyil axı. Niyə özlərinin həyatlarını riskə atırlar? Onlara çox ciddi cəza verilməlidir”.