logo

13 kq-dək narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

14:54 22-12-2020 | icon 1673
13 kq-dək narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Elvin Səlimbəyli saxlanılıb. Onun üzərinə baxış zamanı 100 qram, yaşadığı mənzildən 1 kiloqram 208 qram heroin, 240 qramdan artıq metamfetamin, 271 qram tiryək, 660 ədəd preqabalin, 2240 ədəd metadon həbləri və 2 elektron tərəzi aşkarlanaraq götürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, araşdırma zamanı müəyyən olunub ki, Elvin Səlimbəyli narkotik vasitələri və həbləri Zaur Abbasov adlı şəxsdən onlayn yolla satmaq məqsədilə əldə edib. O, həmin şəxsin bank kartına pul yükləyəndən sonra narkotik vasitələri müəyyən edilən yerdən götürüb.

Əməliyyat tədbirlərinin davamında narkotik vasitələrin onlayn satışı ilə məşğul olan Zaur Abbasov da saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış zamanı 18 qram metamfetamin, 12 qrama yaxın heroin, 80 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışı zamanı pul vəsaitlərinin köçürüldüyü 2 plastik kart aşkar edilərək götürülüb. Zaur Abbasov ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədilə aldığını bildirib. O, narkotik vasitələrin satışından əldə etdiyi pulları kart hesablarında toplayandan sonra maliyyə hesabatını həmin şəxsə göndərdiyini deyib.

Baş İdarənin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Zaur Əliyev də saxlanılıb. Onun üzərindən 186 qrama yaxın metamfetamin, 1 kiloqram 850 qram heroin aşkar edilib. Zaur Əliyevin yaşadığı evdən isə əlavə olaraq 1000 ədəd metadon və 200 ədəd tramadol həbləri, 560 qram heroin və 1 elektron tərəzi götürülüb.

Növbəti əməliyyat zamanı tutulan İmaməddin Məhərrəmovun üzərinə baxış zamanı 43 qrama yaxın, yaşadığı evdən 4 kiloqram 144 qram heroin, 613 qram metamfetamin, 3 kiloqram 180 qram marixuana və elektron tərəzi aşkarlanıb.

Silsilə əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları ümumilikdə 13 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən satışı qadağan edilmiş 4180 ədəd narkotik xassəli həbləri qanunsuz dövriyyədən çıxarıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həmin şəxslərin hər biri tutularaq istintaqa təqdim olunub. Əldə olunan narkotik vasitələrin mənbələrinin və ölkəmizə gətirilmə mexanizmlərinin aşkarlanması istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.