logo

Bakı və Abşeronda “Kənddən şəhərə” qış yarmarkaları açılıb

10:59 21-12-2020 | icon 2541
Bakı və Abşeronda “Kənddən şəhərə” qış yarmarkaları açılıb

Dekabrın 21-də Nərimanov rayonunda, metronun "Gənclik" stansiyası yaxınlığında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən şəhərə” qış yarmarkası təşkil edilib.

 YeniAvropa xəbər verir ki,yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş fermerlər kənd təsərrüfatı məhsullarını münasib qiymətlərlə satışa çıxarıblar.

Açılış mərasimində jurnalistlərə müsahibə verən Kənd təsərrüfatı naziri İnam Kərimov yarmarkanın təşkilində məqsədin bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla təmin etmək, fermerlərin bazara çıxışına şərait yaramaq olduğunu bildirib: “Bu il ənənəvi olaraq Bakıda və Abşeron rayonunda Yeni il yarmarkası təşkil edilib. Əsas məqsəd Yeni il bayramı ərəfəsində məhsul bolluğunu və qiymətlərin ucuzluğunu təmin etmək, o cümlədən fermerlərin bazara çıxışını asanlaşdırmaqdır”.

Nazir qeyd edib ki, builki yarmarka karantin vəziyyətində təşkil olunub. Yarmarkanın təşkili karantin rejiminin bütün tələblərinə cavab verir. Belə ki, bütün fermerlər portalda qeydiyyatdan keçiblər, nazirlik tərəfindən müvafiq dezinfeksiya işləri görülüb, fermerlər və alıcılar maska ilə təmin olunub, eləcə də yarmarkada sıxlıq nəzarət altında saxlanılır.

Onun sözlərinə görə, yarmarka fermerlər üçün həm də əlavə satış mənbəyidir. Fermer məhsullarının Bakı şəhərinə daşınması üçün logistik dəstək göstərilib. Burada fermerlərə piştaxtalar və tərəzilər pulsuz çatdırılıb, onlara digər dəstək tədbirləri də göstərilir. Həm fermerlər, həm də əhali builki yarmarkadan məmnun olacaqlar: “Builki yarmarkanın xüsusiyyətlərindən biri də odur ki, metronun “Gənclik” stansiyası yaxınlığında açılan yarmarka Türkiyənin TİKA təşkilatı ilə təşkil edilib. Bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də iki qardaş ölkə arasında əməkdaşlığa biz çox mühüm əhəmiyyət veririk”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Kənd Təsərrüfatı Nazirliyi ilə TİKA-nın birgə təşkil etdiyi bu yarmarkaların indiki dövrdə xüsusi önəm kəsb etdiyini vurğulayıb.

Səfir bildirib ki, pandemiya dövründə paytaxtda və Abşeron rayonunda açılan yarmarkalarda sakinlərin münasib qiymətə alış-veriş etmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, paytaxtın Nərimanov rayonunda təşkil olunan (metronun “Gənclik” stansiyasının yanı) yarmarka ərazisində TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) tərəfindən yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən infrastruktur yaradılıb.

“Kənddən şəhərə” qış yarmarkası, həmçinin Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı) və Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A ünvanlarında da açılıb.