logo

Sumqayıtda karantin qaydalarını pozan idman zalı aşkarlanıb

12:11 18-12-2020 | icon 1645
Sumqayıtda karantin qaydalarını pozan idman zalı aşkarlanıb

Daxili işlər orqanlarının əməkdaşları sanitar-karantin qaydalarını pozaraq koronavirusun yayılmasına şərait yaradan şəxslərə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Sumqayıt şəhərində keçirilən növbəti tədbir zamanı 11-ci mikrorayon ərazisində idman-trenajor zalının karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Polis əməkdaşları baxış zamanı həmin zalda 18 nəfəri aşkarlayıblar. Onlardan 3-ü yetkinlik yaşına çatmadığı üçün həmin yeniyetmələr profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıb. İdman zalında olan 12 nəfər barədə inzibati protokol tərtib olunub və onlar cərimə ediliblər. Obyektin sahibi Rəşad Xudaverdiyev və iki əməkdaşı saxlanılaraq polis idarəsinə gətiriliblər. Obyektin sahibi 4000 manat, işçilərin hər biri isə 200 manat məbləğində cərimələniblər.

Polis əməkdaşlarının paytaxtın Nərimanov rayonunda keçirdikləri növbəti tədbir zamanı isə karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb. Araşdırma zamanı “Dostlar” kafesini icarə əsasında işlədən paytaxt sakini Həsən Bağırovun müştərilərə yerində xidmət göstərdiyi müəyyənləşdirilib. Obyektin kabinetlərinə baxış zamanı13 müştəri müəyyən edilib. Onların hər biri, eləcə də kafeni işlədən Həsən Bağırov barədə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilib və həmin şəxslər cərimələniblər.

Vətəndaşlardan koronovirusla mübarizədə müəyyənləşdirilən qaydalara mütləq qaydada əməl etmələri bir daha tələb olunur.