logo

Beynəlxalq axtarışda olan 2 nəfər  Azərbaycana ekstradisiya edilib

11:21 18-12-2020 | icon 1743
Beynəlxalq axtarışda olan 2 nəfər  Azərbaycana ekstradisiya edilib

Azərbaycan Respublikasının Baş Prokurorluğu milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyanın tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində iki ölkə ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasından ötrü qarşılıqlı ekstradisiyası barədə sorğular edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Gəncə Hərbi Prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Tağıyev Urfan Bərxudar oğlunun – Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən saylı hərbi hissəsində xidmət edərkən 2018-ci il sentyabrın 23-də saat 12:00 radələrində hərbi hissəni özbaşına tərk etməsinə, indiyədək xidmət yerinə qayıtmayaraq fərarilik etməsinə, Nəsimi Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan Ağayev Ağadadaş Valeh oğlunun 2018-ci il yanvarın 1-də özgənin əmlakını ələ keçirmək məqsədilə talama cinayətini törədərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Həmçinin İrkutsk şəhər, Sverdlovsk rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Rusiya Federasiyası vətəndaşı Tağıyev Münakif Raqub oğlunun 2014-cü ilin mayında qeyri-rəsmi münasibətdə olduğu Burkova Nataliya Vladimirovna ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində bıçaqla sonuncuya zərbə vuraraq ona həyat üçün təhlükəli olan ağır xəsarət yetirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Həmin şəxslər barəsində beynəlxalq axtarışlar elan olunub.

Axtarışda olan şəxslərin yerlərinin müəyyənləşdirilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğunun qarşılıqlı sorğuları təmin edilməklə Urfan Tağıyev və Ağadadaş Ağayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə, Münakif Tağıyev isə Rusiya Federasiyasına ekstradisiya edilib.