Filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin Ümumi və rus dilçiliyi kafedrasının professoru Aslan Məmmədli vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev sosial şəbəkədə məlumat paylaşıb.
Qeyd edib ki, tanınmış professor koronavirusdan dünyasını dəyişib.
"Xanımımın bibisi oğlu, Bakı Slavyan Universitetinin professoru Aslan Məmmədli bu gün sübh saatlarında vəfat edib. Məlum xəstəlikdən. Həmyaşıd və həmkar (filoloq) idik. Qohumluğun ilk günündən dostluğumuz da başlanmışdı. Bəlli səbəblərdən son 15-20 ildə az-az görüşürdük... Şəhərdə doğulmuşdu, orta və ali təhsilini rus dilində almışdı. Amma Azərbaycanın hələ sivilizasiyanın dağıdıcı təsirlərinin toxunmadığı ən ucqar kəndindən sanki yenicə gəlmiş bir gənc qədər saf, səmimi, təmiz, hətta bir az da sadədil idi. Halal, gözü-könlü tox, iman və inam sahibi bir ziyalı idi. Tövratı, İncili, Quranı gözəl bilirdi. Ölümü məni çox yandırır. İnsani və elmi potensialından tam istifadə edə bilmədi. Bəlkə də layiq olduğu, haqq etdiyi bir həyat yaşaya bilmədi. Hər şeyin yaxşısını Allah bilir”,– deyə Vilayət Quliyev bildirib.
Allah rəhmət eləsin!