logo

2021-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb

11:49 16-12-2020 | icon 1652
2021-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2021-ci ildə fəsillərin ölkəmizə daxilolma vaxtlarını açıqlayıb.

Rəsədxanadan YeniAvropa-ya bildirilib ki, gələn il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 13:37-yə təsadüf edəcək. Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayır.

Yay fəsli (yay günəş duruşu) iyunun 21-i saat 07:32-də ölkəmizə daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.

Sentyabrın 22-si saat 23:21-də payız fəsli qeydə alınacaq. Bu halda payız gecə-gündüz bərabərliyi baş verir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarım kürəsindən cənub yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır.

Qış fəsli (qış günəş duruşu) dekabrın 21-i saat 19:59–da Azərbaycana qədəm qoyacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə müşahidə olunur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.