Azərbaycanda koronavirus təqribən 10 gün ərzində bir ailədən 4 can alıb.
YeniAvropa xəbər verir ki, bu il noyabrın əvvəlində ailə həyatı quran 43 yaşlı Rəşad Rəhimli dekabrın 14-də müalicə olunduğu xəstəxanada vəfat edib.
Onun ailəsindən öncə xalası Adilə Kərimova koronavirusa yoluxub. Bir neçə gün sonra isə anası Aidə, daha sonra isə atası Famil də virusa yoluxub.
Dekabrın 5-də Adilə Kərimova, onun üç mərasimi günü-dekabrın 8-də Rəşadın anası Aidə, 4 gün sonra -dekabrın 12-də isə atası Famil müalicə olunduqları xəstəxanada vəfat ediblər.
Adilə Kərimovanın həyat yoldaşı və digər bacısı da virusa yoluxub, onların müalicəsi davam edir.
Yaxınlarının sözlərinə görə, virusa ilk yoluxan Adilə Kərimova Nərimanov rayonunda yaşayıb. Rəşad və ailəsi isə Əhmədli qəsəbəsinin sakinləri olublar. Onlar yoluxmadan əvvəl Adilə Kərimova ilə ünsiyyətləri olmayıb. Buna görə də mərhumların ayrı-ayrı yerlərdə yoluxduqları ehtimal edilir.
Təxminən bir həftə əvvəl xəstəxanaya yerləşdirilən Rəşad da dekabrın 14-də vəfat edib. Onunla yenicə ailə həyatı quran yoldaşı da koronavirusa yoluxsa da, ev şəraitində müalicə olunaraq sağalıb.
Rəşad Rəhimli ərəb və ingilis dilindən kitablar tərcümə edib. Atası Famil Rəhimov isə Dəmir Yol İdarəsinin əməkdaşı olub, bir neçə ay əvvəl təqaüdə çıxıb.
Rəhimovlar ailəsindən indi yalnız Rəşadın qardaşı qalıb. ("Qafqazinfo")