Şəmkirdə karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər məsuliyyətə cəlb olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib. Qeyd edilib ki, Şəmkir rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən “Qəsr” restoranında toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimini dayandırıb, iştirakçıları və restoranın inzibatçısını polis şöbəsinə gətiriblər.
Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onlar cərimələniblər. Beş nəfər barəsində isə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Restoranda inzibatçı işləyən Orxan Rzayev barəsində Şəmkir Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati həbs qərarı qəbul olunub. Təşkilatçılar Yusif Əhmədov, Sünbül Məmmədova Nazilə Məmmədova, Cəmilə Ələkbərova və Nəcibə Aslanova isə 200 manat məbləğində inzibati qaydada cərimə ediliblər.