Azərbaycanda dekabrın 16-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Dekabrın 16-da Azərbaycanın rayonlarının bəzi yerlərində yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, axşam ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər duman olacaq, qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-5°, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 16-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.