Dekabrın 12-də saat 11 radələrində Cəlilabad rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində işləmiş 1960-cı il təvəllüdlü Həsənov Meyti Əbil oğlunun yaşadığı evin həyətində özünü asaraq intihar edib.
YeniAvropa xəbər verir ki, bu barədə Cəlilabad rayon prokurorluğu məlumat yayıb. Bildirilib ki, daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.
İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, prezident İlham Əliyev dekabrın 8-də Cəlilabad rayon İcra Hakimiyyəti başçısının vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb. Bundan bir gün əvvəl isə hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Nəticədə Cəlilabad rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.
Meyti Həsənovun intihar etməsinin səbəbinin bu həbslə bağlı olduğu da ehtimal edilir.