Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi(TƏBİB) COVİD-19 virusunun yayılmasının qarşısının alınması üçün əhaliyə müraciət edib.
YeniAvropa xəbər verir ki, müraciətdə bildirilir ki, bu günlərdə virusla mübarizədə cəmiyyət olaraq ən böyük fədakarlıq sınağından birlikdə keçməyə çalışırıq.
"Hər gün doğmalarımızın, əzizlərimizin də içində olduğu minlərlə insanın virusa yoluxması bu bəlanı nəfəs qədər yaxınımzda hiss etməyimizə səbəb olur.
Virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır.
Hər kəs öz evinin qoruyucu qəhrəmanı olmaqla bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər. Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb evimizdə qalaraq COVİD-19 virusunun yayılma tempini zəiflətmək, dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir. Birlikdə olduğumuz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir maneə yoxdur",-deyə müraciətdə qeyd edilir..