logo

Doğulduğu gündə də şəhid oldu...

13:54 08-12-2020 | icon 2324
Doğulduğu gündə də şəhid oldu...

Sumqayıtdakı Şəhidlər xiyabanı memorial kompleksi bu gün Vətən müharibəsində həlak olan 97 şəhidin əbədi ünvanı olub. Onlardan biri özündən çox sevdiyi Vətən torpağı uğrunda vuruşaraq, qələbə qazanıb doğulduğu gündə şəhidlik zirvəsinə ucalan əslən Salyan rayonundan olan şəhər sakini Sübhan Cəbrayılovdur. O, Vətənini çox sevib, torpaqlarımızın azad edilməsi ən böyük arzusu olub. Bu amal uğrunda da şəhidlik zirvəsinə ucalıb. Dünyaya göz açdığı gündə - oktyabrın 23-də gözlərini əbədi yumub.

YeniAvropa xəbər verir ki, baş gizir Sübhan Cəbrayılov Füzulidən Qubadlıyadək döyüş yolu keçib. Zəngilan işğaldan azad edildikdən sonra Qubadlı uğrunda döyüşlərə qatılıb. Elə bu döyüşlərdə də şəhid olub.

Otuz yeddi yaşlı Sübhan qüsursuz xidmətinə görə bir sıra medal və mükafatlara layiq görülüb. Döyüş yoldaşı, qazi Səxavət Salmanov Sübhanın döyüşlərdə neçə-neçə şəhidimizi çiynində daşıdığını deyir: “O, yanımızda olanda biz döyüşə gözüyumulu girirdik. Bilirdik ki, Sübhan bizimlədirsə, qələbə də bizimlədir. Düşmənin 30-dan çox şəxsi heyətini məhv edib. Sonra düşmənin bir BMP-sini vurub sıradan çıxarıb. Düşmənin xəritəsini ələ keçirib və erməni polkovniki öldürüb”.

Anası Ləzifə Cəbrayılova böyütdüyü oğlunu Vətənə qurban verdiyini deyir: “Oğlum istədiyinə nail oldu. Hamımız qürurluyuq. Oğlumuz torpaq yolunda, Vətən uğrunda şəhid olub. Adını uca edib. Bayrağımızı çox sevirdi, elə ona da bükülü gəldi...”.

Gözləri yaşla dolan Ləzifə ana doğulduğu gündə şəhidlik zirvəsinə ucalan oğlunun qanının yerdə qalmadığını bildirərək, torpaqlarımızın yağı düşməndən azad olunmasında Sübhanın da iştirak etməsindən qürur duyduğunu söyləyib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin...