Hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun keçiriləcəyi yer yenidən dəyişdirilib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, koronavirus pandemiyası səbəbindən forum mayın 13-dən 16-dək Sinqapurda baş tutacaq. Təşkilatın yaydığı məlumata görə, gələn il forum virtual və ənənəvi hissələrdən ibarət olmalı idi. 2021-ci il yanvarın 25-29-də dünya iqtisadiyyatının pandemiyadan sonrakı vəziyyətinə dair müzakirələr aparılmalı, may ayında isə iri şirkətlərin menecerləri, siyasətçi və elm xadimləri İsveçrənin Lusern şəhərində bir araya gəlməli idilər.
Lakin İsveçrədəki yoluxma hallarının yüksək olması təşkilat komitəsini radikal kurs dəyişikliyinə vadar edib və qlobal iqtisadi elitanın bir araya gəlməsi üçün pandemiyadan mümkün qədər az əziyyət çəkmiş məkan axtarılıb. Asiya metropolu Sinqapurun seçimini əsaslandırarkən bildirilib ki, bu, Avropa və ABŞ-la müqayisədə pandemiyanın öhdəsindən daha yaxşı gələn Asiya qitəsinə etimadın göstəricisidir.
Forumun təsisçisi Karl Şvab isə bildirib ki, qlobal aparıcı şəxslərin forum çərçivəsində şəxsən bir araya gəlməsi pandemiyadan sonra dünya iqtisadiyyatının yenidən necə dirçəldiləcəyini müzakirə etmək üçün mühüm əhəmiyyət daşıyır.