logo

1 şirkət 2 qurumdan 5 tenderi necə  qazandı?

17:27 07-12-2020 | icon 2779
1 şirkət 2 qurumdan 5 tenderi necə  qazandı?
Dekabrın 7-də keçirilən dövlət satınalmalarında bir şirkət 2 qurumdan 5 tender qazanıb. 
 
YeniAvropa xəbər verir ki,  bu gün 950 min 820 manat dəyərində tenderləri qazanan şirkət "Tikinti-Təmir-Təchizat-Bərpa” QSC olub.
 
Belə ki, Yasamal rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçi qrupları üçün xüsusi növ geyimlərin alınması (197541.44 AZN), ehtiyat hissələrin satınalınması (159054.8 AZN), avadanlıqların satınalınması (258915.6 AZN), dəftərxana və təsərrüfat mallarının satınalınması (296109.67 AZN) və Sumqayıt Regional Mədəniyyət İdarəsi üçün inventarların satınalınmasını (39198.42 AZN) adıçəkilən şirkət həyata keçirəcək. 
 
Araşdırmalar zamanı məlum oldu ki, "Tikinti-Təmir-Təchizat-Bərpa” QSC ötən ildən başlayaq dövlət satınalmalarında iştirak edir. İndiyə kimi 39 tenderin qalibi olub. Maraqlı isə odur ki, "Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin qalib gəldiyi tenderləri Bakı şəhərindəki icra hakimiyyətləri və Mədəniyyət Nazirliyinin müvafiq qurumları keçirib. Bu isə əsaslı şübhələrə səbəb olur.
 
Adından və qalib olduğu tenderlərdən göründüyü kimi, bütün profillərdə fəaliyyət göstərən "Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin nizamnamə kapitalı 2050 manatdır. Şirkət 2015-ci ilin mart ayının 18-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı General Səmədbəy Mehmandarov, ev 98, mənzil 47, qanuni təmsilçisinin isə Əbilov Elçin İslam oğlu göstərilib.
 
 
Göründüyü kimi, "Tikinti-Təmir-Təchizat-Bərpa” QSC hərtərəfli işlər görməsinə baxmayaraq, göstərdiyi xidmətlər barədə məlumatları geniş ictimaiyyətə təqdim etməyə luzum görmür. Belə ki, şirkətin nə internet saytı, nə də sosial şəbəkələrdə səhifəsi var. "Qaynarinfo"