logo

SOCAR Gürcüstan iqtisadiyyatına 1,1 milyard dollardan çox investisiya yatırıb

17:57 03-12-2020 | icon 6461
SOCAR Gürcüstan iqtisadiyyatına 1,1 milyard dollardan çox investisiya yatırıb

SOCAR indiyədək Gürcüstan iqtisadiyyatına 1,1 milyard ABŞ dollarından çox investisiya yatırıb.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətin 2019-cu ilə dair “Davamlı inkişaf üzrə illik hesabat”ında qeyd edilib.

Bildirilib ki, 2006-cı ildən etibarən SOCAR Gürcüstan bazarına daxil olaraq bu ölkənin enerji sektoruna investisiya yatırmaqdadır. 2007-2019-cu illər ərzində SOCAR tərəfindən Gürcüstan iqtisadiyyatına 1,1 milyard dollardan çox investisiya qoyulub. Hazırda Gürcüstanda “SOCAR Enerji Gürcüstan”, “SOCAR Georgia Petroleum”, “SOCAR Georgia Gas”, “SOCAR Georgia Security” şirkətləri və Kulevi neft terminalı uğurla fəaliyyət göstərir. 12 il ərzində bu qurumlar tərəfindən Gürcüstanın dövlət büdcəsinə 1,5 milyard dollar həcmində vergi ödənilib. Bu məbləğ təqribən SOCAR-ın Azərbaycan büdcəsinə tək 1 il ərzində ödədiyi məbləğə bərabərdir. SOCAR, həmçinin Gürcüstanın da ən böyük vergiödəyicisidir.

Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Georgia Petroleum” MMC 114 yanacaqdoldurma məntəqəsinə, 16 xidmət mərkəzinə və 5 neft terminalına malikdir. Hazırda şirkətdə təxminən 1500 işçi çalışır.

“SOCAR Georgia Gas” MMC Gürcüstan regionlarına təbii qazın tədarükü və paylanmasını həyata keçirir və yerli qaz şəbəkəsini idarə edir. “SOCAR Georgia Gas”in isə əsas fəaliyyət istiqamətləri:

• təbii qaz təchizatı və paylanması

• əhalini təbii qazla təmin etmək

• qazpaylayıcı şəbəkələrin tikintisi, bərpası və istismarı.

Bu gün “SOCAR Georgia Gas” MMC ölkə daxilində 715 mindən çox abunəçiyə təbii qaz verir. Cəmi 45 istehlakçı xidməti mərkəzi və 16 min 114 müasir bir telefon xidməti mərkəzi bütün Gürcüstan ərazisində fəaliyyət göstərir. Şirkət Gürcüstanda 2200 işçisi olan ən böyük işəgötürənlərdən biridir.

“SOCAR Georgia Petroleum” MMC-nin əsas fəaliyyət istiqamətləri, həmçinin Gürcüstan bazarına neft məhsullarının idxalı (benzin, dizel, aviasiya yanacağı, LPG, bitum, mazut, yağlar), “SOCAR” brendi ilə müasir standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin və neft bazalarının tikintisindən ibarətdir.

Bundan başqa, “E-Space” şirkəti Tbilisi, Kaxeti, İmereti, Acarıstan, Şida və Kvemo Kartlidəki SOCAR yanacaqdoldurma məntəqələrində elektriklə işləyən nəqliyyat vasitələrini şarj etməyə imkan verir. Elektrik şarj stansiyaları pulsuz istifadə edilə bilər. Üstəlik, Tbilisi, İmereti və Acarıstandakı yanacaqdoldurma məntəqələri elektrik naqilləri ilə təchiz olunub. “E-Space Level 2 EV” şarj cihazları Avstriyanın “KEBA” şirkəti tərəfindən istehsal olunur. “EV” şarj cihazı 22 kilovat/saata qədər şarj etməyə imkan verir, lakin bütün elektrikli nəqliyyat vasitələri fərqli OBC-lərə (On-board charger) malikdir. “E-Space” və SOCAR arasındakı əməkdaşlıq sayəsində ilk sürətli şarj cihazı Goridə quraşdırılacaq, hansı ki elektrik doldurma müddətini 30 dəqiqəyə qədər azaldır.

“SOCAR Georgia Security” MMC təsisçi şirkətin törəmə şirkətlərindən biridir. MMC-nin əsas fəaliyyəti neft terminalı, liman, neft bazaları, yanacaqdoldurma məntəqələri, şirkətin ayrıca ofis və saytları, həm də fiziki və hüquqi şəxslərin təhlükəsizliyini təmin etməkdir. Bu günə qədər 130-dan çox məkan şirkət tərəfindən mühafizə olunur.

“SOCAR Enerji Gürcüstan” 2007-ci ilin Avqustunda qurulmuş və müstəqil bir qurum kimi fəaliyyət göstərir. Şirkətdə 610-dan çox işçi çalışır.