Qədim xəritələrimizdə və digər mənbələrdə olan tarixi adlarımızın siyahısı hazırlanır. İndi həmin tarixi adlarımızın və onların düzgün yazılışının müəyyən edilməsi istiqamətində işlər aparılır.
YeniAvropa xəbər verir ki, bu barədə tarix elmləri doktoru Qasım Hacıyev deyib.
O, "BakuTV"yə müsahibəsində bildirib ki, ermənilər nəinki bizim abidələrimizi dağıdıb, onlar hətta bizim toponimlərimizi də dəyişdirib, özününküləşdiriblər.
Millət vəkili, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə bildirib ki, işğaldan azad edilən ərazilərdə erməniləşdirilən Azərbaycan toponimlərinin müəyyən edilməsi və onlara Azərbaycan adlarının qaytarılması üçün hazırlıq işlərinə başlanılıb. Onun sözlərinə görə, artıq Dilçilik, Tarix və Coğrafiya institutları bu istiqamətdə işlər aparırlar.
Akademik əlavə edib ki, yeni yer adlarının müəyyən edilməsi zamanı həm tarixi toponimlər, həm də Azərbaycan Ordusunun Vətən Müharibəsində etdiyi qəhrəmanlıqlarla, yeni tarixin nişanələri ilə bağlı yer adlarının qoyulması təklif edilir.