logo

Qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb

16:10 05-11-2020 | icon 1981
Qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb

Müvafiq icazələri olmadan qanunsuz olaraq balıqçılıqla məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları profilaktik və nəzarət tədbirlərini uğurla davam etdirirlər.

DİN-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həyata keçirilən sonuncu tədbir zamanı Bakı buxtası ərazisində gecə saatlarında komendant saatının tələblərini kobud şəkildə pozaraq balıq ovunun qadağan edildiyi xüsusi strateji obyektlərin yaxınlığında bu əməllərlə məşğul olan iki nəfər saxlanılıb.

Su Nəqliyyatında Polis İdarəsinə həmin şəxslərin xüsusi motorla təchiz edilmiş qayıqla Dənizkənarı Milli Parkın sahilində dövrə vuraraq şübhəli hərəkətlər etməsi barədə məlumat daxil olub. Dərhal idarənin əməkdaşları tərəfindən həmin şəxslərin saxlanılması istiqamətində operativ tədbirlər görülüb. İdarədə araşdırma aparılan zaman onların Astara rayon sakinləri Vüsal Quliyev və qohumu Natiq İsgəndərov olduğu müəyyənləşdirilib. Həmin şəxslər ifadələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşadıqlarını və Dənizkənarı Milli Parkın sahilinə balıq ovlamaq üçün gəldiklərini bildiriblər. Baxış zamanı həmin şəxslərdən qanunsuz balıq ovu ilə məşğul olan zaman istifadə etdikləri qayıq, 350 metr tor, balıqovlama alətləri və qanunsuz olaraq tutduqları 100-ə yaxın müxtəlif növ balıq aşkarlanaraq götürülüb. Sorğu zamanı bu şəxslərin heç birinin balıqovlama biletinin və idarə etdikləri qayığın isə qeydiyyatının olmadığı da məlum olub.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırır ki, “ASAN Xidmət” mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyənləşdirilən çəkidə və qaydalarda balıq tutmaqla məşğul olmaq mümkündür. Dənizdə və su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qanunla qəti qadağan olunub. Qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq ediləcək.

Vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.