logo

Ermənistan-Azərbaycan münaqişəsinin ətraf mühitə təsirinə dair hesabat hazırlanıb

14:32 05-11-2020 | icon 2611
Ermənistan-Azərbaycan münaqişəsinin ətraf mühitə təsirinə dair hesabat hazırlanıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi “Ermənistan-Azərbaycan münaqişəsinin unudulmuş qurbanı: münaqişənin ətraf mühitə təsiri” adlı hesabat hazırlayıb. İngilis dilində hazırlanan hesabatda Azərbaycan ərazilərinin işğalının ekoloji nəticələri və silahlı münaqişələrdə ətraf mühitin qorunması ilə bağlı beynəlxalq hüquq və normalar haqqında məlumat verilir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, beynəlxalq qurumları təmsil edən müstəqil ekspertlərin, Azərbaycandan və Ermənistandan tədqiqatçıların apardığı araşdırmalara istinad edən hesabatda Ermənistan hökumətinin işğal altındakı ərazilərdə törətdiyi ekoloji cinayət ifşa olunur. Hesabatda Almaniya və İtaliyadan olan beynəlxalq hüquq ekspertləri tərəfindən işğalçı bir dövlətin nəzarəti altındakı ərazilərdə ətraf mühitlə bağlı öhdəliklərinə dair beynəlxalq hüququn müddəaları haqqında araşdırmalar təqdim edilir və Ermənistanın ekoloji cinayətlərə görə məsuliyyətə cəlb olunmasının hüquqi aspektləri araşdırılır.

Vurğulanır ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın işğal edilmiş ərazilərinin ətraf mühiti üçün ağır nəticələrə səbəb olub. Ermənistan nəinki Azərbaycanın mülki əhalisinə qarşı cinayətlər törədərək minlərlə günahsız insanı qətlə yetirib və bir milyonadək azərbaycanlını yaşadıqları torpaqlardan didərgin salıb, eyni zamanda, işğal altındakı ərazilərin təbii sərvətlərini amansızlıqla istismar edərək, su ehtiyatlarını çirkləndirərək, ağacları kütləvi şəkildə kəsərək ətraf mühitə ciddi zərbələr vurub.

Bildirilir ki, iki ölkə arasındakı hazırda davam edən müharibə Ermənistanın ətraf mühitə olan laqeydliyini bir daha təsdiqləyib. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağgöl və Göygöl milli parklarında xüsusi qorunan ərazilərdə böyük meşə yanğınları törədib, hətta ekoloji mühitin toxunulmazlığına dair beynəlxalq konvensiyaların və BMT-nin müvafiq normativ aktlarını kobud şəkildə pozaraq müharibə meydanında müvəqqəti taktiki üstünlüklər əldə etmək üçün Azərbaycanın Şuşa şəhərini əhatə edən meşələri yandırıb.