Digər təqsirləndrilənlərə şərti cəza verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar olunublar.
Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və “Aqrokreditbank” tanınıb.
Xatırladaq ki, bundan əvvəlki cinayət işi üzrə Cahangir Hacıyevə 15 il həbs cəzası verilmişdi. Beləliklə, ikinci cinayət işi üzrə məhkəmənin hökmünə əsasən onun həbs müddəti 1 il 6 ay artmış olub.
Prokuror Cahangir Hacıyevin əvvəlki cəzası ilə birlikdə qəti olaraq 17 il, sabiq deputat Dünyamin Xəlilovun isə əvvəlki cəzası ilə toplamaqla qəti olaraq 15 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror təqsirləndirilən şəxslərdən İsmayıl Hidayət-zadəyə isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəmişdi.
Bu işdə adına şirkət açılan və bu yolla da bankdan milyonlarla manatın çıxarılmasına şərait yaradan digər təqsirləndirilənlər Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilməsi istənilib.
Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.