Bakının Nəsimi rayonundakı telefon mağazalarından birinin sahibi polisə müraciət edərək obyektin pəncərəsinin naməlum şəxs tərəfindən sındırıldığını, 2146 manat pulun və dəyəri 22 min 887 manat olan müxtəlif modelli 73 mobil telefonun oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, məlumat daxil olan kimi Nəsimi Rayon Polis İdarəsinin və 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini İbrahim Delili polis əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Onun oğurladığı telefonlar yaşadığı evdə aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 22-ci polis şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinə göndərilib. İ.Delili barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.