İyulun 16-da Bərdə rayonunun Divanlı kənd sakini Rahib Məhərrəmov polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən məişət əşyalarının oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa -ya bildiriblər ki, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Evdən oğurluq edən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Əliyev əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun qohumları olan Bərdə şəhər sakini, əvvəllər məhkum edilmiş Aftandil Şahbazov və Goranboy rayon sakini Təyyar Uğurluyev ilə əlbir olaraq Bərdə rayonunda əlavə üç, Ucar rayonunda bir mənzildən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları müəyyən edilib.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisindəki bir evdən və diş poliklinikasından tikinti və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Yaşar Qasımov və İsi Əhmədov saxlanılıblar.
Faktlarla bağlı Bərdə Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.