Avqustun 6-da saat 10:04-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhərinin Liman qəsəbəsində minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan YeniAvropa -ya bildiriblər ki, məlumata əsasən agentliyin mobil əməliyyat qrupu və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Ərazidə dəniz sahilinə birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tank əleyhinə beş mina aşkar olunub. Həmin hərbi sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaların tapıldığı yerin ətrafında 600 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.