logo

Respublika ərazisində “Təmiz hava” aylığına start verilib

11:10 01-08-2019 | icon 2821
Respublika ərazisində “Təmiz hava” aylığına start verilib

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə avqustun 1-dən 31-dək respublika ərazisində “Təmiz hava” aylığına start verib.

Baş Dövlət Yol Polisi İdarəsindən YeniAvropa-ya bildiriblər ki, son zamanlar avtomobil yollarında mühərrikin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu nəqliyyat vasitələrinə tez-tez rast gəlinir. Belə nəqliyyat vasitələrinin istismarı atmosfer havasını çirkləndirməklə insanların həyat və sağlamlığına mənfi təsir göstərir.

Bu gün respublikada atmosferə buraxılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür. Hesablamalara görə ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.

Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sürücülərindən istifadələrində olan avtomobilləri texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir. Əks təqdirdə həmin nəqliyyat vasitələrinin sahibləri qanunvericiliyə uyğun qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.