logo

İlham Əliyev Çin xalqının Bahar bayramını təbrik edib

11:11 10-02-2024 | icon 1407
İlham Əliyev Çin xalqının Bahar bayramını təbrik edib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının(ÇXR) sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli cənab sədr,

Sizi və Sizin simanızda dost Çin xalqını qarşıdan gələn Bahar bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Ay təqvimi ilə Yeni ilin gəlişini tərənnüm edən və təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsi olan qədim Çuntsze bayramı özünün tükənməz yeniləşdirici ruhu ilə səmimiyyət, xeyirxahlıq, başqalarına qayğı kimi duyğuları gücləndirir. Zəngin milli-mənəvi ənənələri yaşadan xalqınıza bu bayramın xoşbəxtlik, firavanlıq və yeni-yeni uğurlar bəxş etməsini diləyirəm.

Fürsətdən istifadə edərək Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluğumu, dövlətlərarası əlaqələrimizin bundan sonra da birgə səylərimizlə möhkəmlənəcəyinə və genişlənəcəyinə dair əminliyimi ifadə edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Çin xalqına daim rifah və əmin-amanlıq arzulayıram".