logo

"COP29"a gələcək qonaqlar üçün Bakı,Abşeron və Sumqayıtda 220 hotel hazırlanıb

12:12 24-10-2024 | icon 420
"COP29"a gələcək qonaqlar üçün Bakı,Abşeron və Sumqayıtda 220 hotel hazırlanıb

Bakı, Abşeron və Sumqayıtda yerləşən hotellər COP29 tədbirinə gələcək qonaqları yüksək səviyyədə qarşılamağa tam hazırdır. Bu ərazilərdə yerləşən hotellərin ulduz təsnifatı prosesi artıq tamamlanıb. Ümumilikdə Bakı, Abşeron və Sumqayıtda 220 hotelə müvafiq ulduz dərəcəsi təyin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Hotel Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam məlumat verib.

Onun sözlərinə görə, AHA tərəfindən hotellərin xidmət keyfiyyətinin yüksəldilməsi üçün konsultasiyalar aparılıb. Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Hotel Assosiasiyası Bakı, Abşeron və Sumqayıtda yerləşən hotellərin əməkdaşları üçün 12 moduldan ibarət İxtisaslaşmış hotelçilik təlimləri keçirib. Təlimlər qonaq məmnuniyyətinin birbaşa bağlı olduğu ön büro, təmizlik xidməti, iaşə xidməti və idarəetmə istiqamətlərini əhatə edib.

“Çox şadıq ki, hotellər də bu təlimlərdə böyük maraqla iştirak etdilər. Ümumilikdə 250 hoteldən 1500-dən çox hotel əməkdaşı təlimlərə qatıldı, təlim materialları ilə təmin edildilər. Təlimlər zamanı hotel əməkdaşları ilə yalnız xidmət sahəsi üzrə deyil, həmçinin COP29 tədbiri ilə bağlı da məlumatlar paylaşıldı. COP29 müddətində ciddi diqqət ayrılmalı olan təhlükəsizlik tədbirləri, qonaqların profili, hotellərdə dayanıqlılıq təcrübələrinin tətbiqi haqqında hotel əməkdaşları və rəhbərlərinə COP29 Əməliyyat Şirkətinin əməkdaşları tərəfindən məlumat verildi və təlimatlar paylaşıldı”, - deyə Günay Sağlam bildirib.