logo

Hərbi liseydə andiçmə mərasimi keçirilib

11:11 14-09-2023 | icon 1288
Hərbi liseydə andiçmə mərasimi keçirilib

Tədris ilinin başlanması münasibətilə Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə yeni qəbul olan kursantların andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, mərasimdə nazirliyin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, valideynlər, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.

Andiçmə mərasimində çıxış edənlər gənc kursantları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, Vətənə, dövlətə və Ali Baş Komandana, Şərəf andlarına sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.

Sonra hərbi liseyin kursantları sıra meydanında Şərəf andı içiblər.

Hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa edib, şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi olub.

Sonda valideynlər hərbi təhsil müəssisəsində yaradılan təlim-tədris, məişət şəraiti və ərazi ilə tanış olublar.