logo

Peşəkar Futbol Liqası sponsorlardan nədən imtina edir?

14:20 13-09-2023 | icon 41132
Peşəkar Futbol Liqası sponsorlardan nədən imtina edir?

Peşəkar Futbol Liqasının(PFL) prezidenti Elxan Səmədov ötən ilin iyulunda seçilmiş olduğu bu postda gördüyü işlər, fəaliyyəti dövründə görülən işlər, Azərbaycan Premyer Liqasının hazırkı səviyyəsi, aşağı liqaların yaradılması və s. yeniliklərlə bağlı müsahibə verib.

YeniAvropa həmin müsahibəni təqdim edir: 

-Artıq bir ildən çoxdur Peşəkar Futbol Liqasına rəhbərlik edirsiniz. Bu müddətdə istər özünüzün, istərsə də qurumun fəaliyyətini necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, öz fəaliyyətimi dəyərləndirmək düzgün olmaz. Qurum isə xeyli inkişaf edib. Əvvəlcədən burada çalışan işçilərimiz kimi, yeni əməkaşlarımız da olduqca təcrübəlidir. Düşünürəm ki, bu gün əldə olunmuş nailiyyətlər məhz komanda işinin nəticəsidir.

-Ölkə çempionatının səviyyəsi əvvəlki illərə nisbətən artıb. Oyunların maraqlı və gərgin keçməsi, çempionluq uğrunda bir deyil, daha çox komandanın mübarizə aparması da bunu sübut edir. Buna nail olmaq üçün geridə qalan müddətdə əsas nələri dəyişmisiniz?

- Əsas məqsədimiz infrastrukturu az da olsa, yaxşılaşdırmaqdır. İkinci vacib məsələ isə çempionatımızın ədalətli və şəffaf keçirilməsidir. Bununla belə, düşünürəm ki, bütün məsələləri həll edə bilməmişik. Çünki elə problemlər var ki, bunlar bizdən asılı deyil. Biz, sadəcə, tövsiyə kimi fikirlərimizi bildirə bilərik. İşə yeni başlayanda azarkeşlərin stadiona qayıtması bizim üçün əsas hədəflərdən biri idi. Ancaq hələlik alınmır. Çünki tamaşaçılar üçün arenalarda vəziyyət yaxşı deyil. Bu səbəbdən stadion boş qalır. Azarkeşləri cəlb etmək üçün stadionu bərpa etmək etmək vacibdir. Bu isə daha çox maliyyə ilə bağlı məsələdir.

-Azarkeşlərin stadionlara az gəlməsində oyun keyfiyyəti nə dərəcədə rol oynayır?

- Məncə, hazırkı vəziyyət daha çox stadionların şəraiti ilə əlaqəlidir. Oyunların keyfiyyəti qalxıb. Artıq deyə bilərik ki, bu il tam fərqli çempionat izləyirik.

-İnfrastrukturdan söz düşmüşkən, bu gün ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə stadionun vəziyyəti ürəkaçan deyil. “Kəpəz” klubunun ev oyunlarını keçirdiyi arenanın bərpası üçün planlar nədən ibarətdir?

- Açığı, planlar barədə məlumatımız yoxdur. Əslində bir neçə il əvvəl vəziyyət daha pis idi. Hər kəsə bəllidir ki, o stadionun bərpa işlərindən çox yenidən tikilməyə ehtiyacı var. AFFA-nın dəstəyi ilə orada bir çox işlər görülüb. Yeni meydançalar salınıb, akademiya üçün bina tikilib. 3 meydança, isti-soyuq su, məskunlaşma imkanları olduqdan sonra orada uşaq yetişdirmək, başqa sözlə, futbolun inkişafını təmin etmək olar. Akademiyada son tamamlama işlərindən sonra paltardəyişmə otaqları da orada olacaq, tarixi tuneldən də istifadə ediləcək. Yəni, yetəri qədər işlər görülüb. Ümid edək ki, stadionla da bağlı nə zamansa xoş xəbər verilər.

-Premyer Liqada çıxış edən “Araz-Naxçıvan” klubu ev oyunlarını Bakıda keçirir. Naxçıvan təmsilçisinin doğma meydana qayıdışı nə vaxta planlaşdırılır?

- Bildiyiniz kimi, Naxçıvanda infrastrukturla bağlı problemlər var. Premyer Liqa tələblərinə cavab verilməsi üçün müəyyən zaman tələb olunur. Ümid edək ki, öhdəsindən tezliklə gələcəklər və komanda doğma meydanda oynayacaq.

-Bu mövsümün ən diqqətçəkən məqamlarından biri əvəzedici komandalar arasında çempionatın I Diviziondan ayrılması, II liqanın yaradılması oldu. Deyə bilərik ki, kifayət qədər maraqlı və uğurlu layihə alındı. Bu cür başlanğıc gözləyirdinizmi?

- Gözləyirdik, ancaq bu dərəcədə yox. Biz bölgələrdə azarkeşlərin futbola necə maraq göstərdiyini görürük. Demək olar ki, stadionlar tam dolur. Digər tərəfdən, internet çəkilişi aparırıq və oyunlar canlı yayımlanır. Görürük ki, ən azı 500-600 nəfər oyunları canlı yayım vasitəsilə izləyir. Deməli, maraq var. Təbii ki, biz bununla kifayətlənməyəcəyik. İstəyirik ki, daha çox liqa və daha çox komanda olsun.

-Deməli, gələcəkdə liqaların sayını artırmağı planlaşdırırsınız...

- Bəli, bu mümkündür. Ancaq bunun üçün dəqiq tarix verə bilmərəm.

-İkinci liqanı yaratmaq, oyunları təşkil etmək və turniri davamlı keçirmək asan iş deyil. Elə klublar olub ki, mövsümün ortasında fəaliyyətini dayandırıb və çempionatdan çıxıblar. İndiki məqamda da belə hallar müşahidə oluna bilərmi?

- İkinci liqada müəyyən nöqsanlar olub. Çünki bu, bizim üçün pilot layihədir. Layihənin əsas məqsədi prosesi müşahidə etməkdir. Nöqsanların nədən ibarət olduğunu, onları düzəltməyin yollarını və gələcəkdə nəyin baş verəcəyini fikirləşib öz qeydlərimizi aparırıq. Bu il yəqin ki, düzəlişlər olacaq. Ancaq qeyd etmək istəyirəm ki, bu günə kimi heç bir problem yaşanmayıb. Hər şey qaydasındadır.

-Bəs, mövsümün gedişində hansısa problem yarana bilərmi?

- Bəli, yarana bilər. Hər şey infrastrukturdan asılıdır. Oyunçular tam peşəkar deyil. Onlar bəzən özlərini başqa cür aparır, hakimlərlə fərqli rəftar edirlər. Belə şeylərin baş verməsi mümkün haldır. Çünki kifayət qədər təcrübələri yoxdur.

-Azərbaycanda futbola sponsor cəlb etmək çox çətindir. Premyer Liqa uzun müddət sponsorsuz qaldı. Bildirdiniz ki, aşağı liqaların gələcəkdə inkişafı üçün müəyyən işlər görüləcək. Buraya həmin klublara sponsor tapılması məsələsi də daxildir?

- Düşünürəm ki, klublardan da çox şey asılıdır. İnkişaf etmək istəyirlərsə, özləri də sponsor tapmağa cəhd göstərməlidirlər. Çox sağ olsun ki, dövlət maddi cəhətdən öz dəstəyini göstərir. Ancaq bunu klublar özləri də düşünməlidirlər. Hər şeyi dövlətdən və ya AFFA-dan gözləmək düzgün olmaz.

-Dövlət tərəfindən Premyer Liqa klublarına hər mövsüm üçün 3 milyon manat vəsait ayrılır. Həmin məbləğ sırf uşaq futbolunun inkişafı üçün nəzərdə tutulub, yoxsa başqa məsələlər üçün də istifadə oluna bilər?

- Burada müəyyən şərtlər var. Məbləğin bir hissəsi A komandası, bir hissəsi isə uşaq və qadın futbolu üçün ayrılıb. AFFA-da bununla bağlı komissiya yaradılıb. Onlar pulun haraya və nə üçün xərcləndiyini görə bilirlər. Həmçinin, pulun düzgün şəkildə istifadə edilməsinə də nəzarət edirlər. Məncə, vəsait düzgün istiqamətdə xərclənir.

-Dünya mətbuatında yayılan xəbərlərə inansaq, UEFA qarşıdakı illərdə qadın komandası olmayan klublara avrokuboklarda iştirak üçün lisenziya verməyəcək. Nəticədə həmin klublar beynəlxalq arenaya buraxılmayacaqlar. Bu məsələ hazırda nə dərəcədə aktualdır? Ümumiyyətlə, UEFA-dan belə bir tələb gəlibmi?

- Əslində bu məsələ ilə AFFA məşğul olur. Bildiyim qədərilə ölkəmizdə bəzi klubların qadın komandası var. Bunlardan biri də “Neftçi”dir. Fikrimcə, UEFA belə bir tələb qoyubsa, maliyyə yaxşı olduğu halda, gələcəkdə qadın futbolu ilə bağlı inkişaf gözləniləndir.

-PFL prezidenti olanadək AFFA-da Uşaq Futbolunun İnkişafı Sektorunun direktoru vəzifəsində çalışmısınız. Əslində uşaq futbolu və oradakı çatışmazlıqlar geniş mövzudur. Sizə görə, bu gün Azərbaycanda uşaq futbolunun inkişafına mane olan ən ciddi səbəblər hansıdır?

- Məncə, məşqçilərdən çox şey asılıdır. Uşaqları düzgün istiqamətləndirmək üçün məşqçinin biliyi olmalıdır. Müasir dövrdə futbol təkcə idman növü deyil, eyni zamanda elmdir. Deyə bilərəm ki, ölkəmizdə uşaq futbolu inkişaf etməkdədir. Amma əsas problem məşqçilərin bilik səviyyəsinin aşağı olmasıdır. İkinci səbəb isə maliyyə ilə bağlıdır.

-Yaxşı məşqçilərin yetişməsi və ortaya keyfiyyətli işin qoyulması üçün hansı vasitələr daha effektiv ola bilər?

- Məşqçilərin ən azı C kateqoriyası olmalıdır ki, uşaqları öyrədə bilsinlər. Hansısa məktəbin idman müəlliminin keçdiyi dərs uşağın inkişafına təsir göstərə bilməz.

Azərbaycan Kuboku uzun illərdir sponsorsuz keçirilir. Bu problem cari mövsümdə həllini tapa bilərmi?

- Dəqiq məlumat vermək çətindir. Danışıqlar aparılır. Bəzən elə hallar olur ki, sponsor az məbləğdə pul təklif edir və bu da bizi qane etmir. Bu səbəbdən razılaşmırıq. Digər tərəfdən istəmirik ki, futbolun sponsoru siqaret və ya spirtli içki istehsalçısı olsun. Ona görə də bəzi təklifləri uyğun olmadığı üçün qəbul etmirik. Amma danışıqlar davam edir. Çalışırıq ki, həm kubok, həm də I və II liqalar üçün sponsor tapaq.

-Artıq neçə ildir Azərbaycan çempionatında Superkubok uğrunda oyun keçirilmir. Gələcəkdə bu matçı bərpa etmək planınız varmı?

- Sadəcə, bir oyun olmasına baxmayaraq, biz həmin matçın təşkili üçün kifayət qədər vaxt tapa bilmirik. Mövsümün startından öncə klublar avrokuboklarda mübarizəyə başlayırlar. Buna görə də vaxt tapmaq çətindir. Mövsümün sonunda isə legionerlər ölkələrinə qayıtmaq üçün tələsirlər. Əsasən, yayda - isti havada oynamaq istəmirlər. Yəni, ən böyük problem vaxtın az olmasıdır. Gərək, elə bir vaxt təyin edək ki, hər kəs razılaşsın. Hələ də, bu məsələnin həlli üçün uyğun vaxt tapa bilməmişik. Amma istərdik ki, bizdə də Superkubok oyunu keçirilsin.

-Elə ölkələr var ki, onlarda komanda sayı kifayət qədər çoxdur və çempionat daha uzun olur. Buna baxmayaraq, onlar vaxt tapıb həmin oyunu keçirə bilirlər...

- Bizim komandalar həftədə iki oyun keçirməyə öyrəşməyiblər. Bu, doğrudan da böyük problemə çevrilib. Görürük ki, futbolçularımız fiziki cəhətdən çatdırmırlar. Ona görə də çalışırıq ki, oyunları şənbə və bazar günləri keçirək. Əminliklə deyə bilərəm ki, bu mövsüm Superkubok oyunu keçirilməyəcək. Amma gələn il bununla bağlı fikirləşmək olar.

-Əvvəllər AFFA-da VAR (video-köməkçi hakim) şöbəsinin rəhbəri vəzifəsində çalışmısınız. Bu gün Azərbaycan çempionatında VAR sisteminin işi sizi tam qane edir?

- Əbəttə ki, tam razı olmağım mümkün deyil. Lakin biz Avropa ilə özümüzü müqayisə edirik və görürük ki, VAR sisteminin iş pinsipinə görə 4-cü və ya 5-ci sıradayıq. Avropada bu cəhətdən irəlidəyik.

-Peşəkar Futbol Liqası VAR sistemini təkmilləşdirmək üçün xüsusi avtomobillər almaq istəyirdi. Hətta bunun üçün Almaniyaya getmişdiniz. Problem həll olunub?

- Bəli, artıq həmin maşınlar buradadır. Bu, bizə iki region oyununu eyni günə salmağa imkan verir.

-Bu mövsüm Azərbaycan Kubokunda aşağı liqa təmsilçiləri də iştirak edəcəklər. Üstəlik, ölkə kubokunun qalibi 2024/2025 mövsümündə Avropa Liqasının təsnifat mərhələsində oynamaq hüququ qazanacaq. Bu amilləri nəzərə alsaq, kubok matçlarının daha maraqlı keçəcəyini gözləmək olarmı?

- Adətən, kubok oyunlarımız maraqlı keçir. Əvvəlcədən heç kim hansı komandanın qalib gələcəyi barədə fikir irəli sürə bilməz. Məsələn, Premyer Liqada çoxları “Qarabağ”ın çempion olacağını deyir. Ancaq Azərbaycan Kubokunda klublar arasında rəqabət həmişə azarkeşlərdə maraq oyadıb. Artıq gələn ildən ölkə kubokunu qazanan komanda Avropa Liqasına düşəcək və UEFA-dan müəyyən məbləğdə vəsait alacaq. Pul qazanmaq və təcrübələrini artırmaq üçün şansları çox olacaq. Həmçinin, kubokda aşağı liqa klublarının iştirak etməsi maraqlı mübarizə vəd edir.

-Premyer Liqada mövsümün gərgin keçəcəyini vurğuladınız. Əslində bunu turnir cədvəlinə baxanda da görmək olur. Sizcə, bu mövsüm çempionatda sürpriz sonluq qeydə alına bilər?

- Maraqlı mübarizə gedəcəyini düşünürəm. Turnir cədvəlində “Qarabağ”ın 5-ci olduğunu görürük. Ağdam təmsilçisinin bu mövsüm çempion olub-olmayacağı bəlli deyil. Başa düşürük ki, avrokuboklara fokuslanıblar. Ötən mövsümdə də belə olmuşdu. Amma sonra vəziyyətdən çıxmağı bacardılar. Bu mövsüm isə bütün komandalar xeyli gücləniblər. Bu da mübarizənin daha gərgin keçməsinə birbaşa təsir edir.

-“Qarabağ”dan UEFA Avropa Liqasında nə gözləyirsiniz?

- Əlbəttə, azarkeş kimi qrupdan çıxacaqlarına ümid edirəm. İnanıram ki, uğurlu nəticə əldə edəcək, daha irəli gedə biləcəklər./ AZƏRTAC