logo

Füzulidə daha 24 ailəyə evlərinin açarları təqdim olunub

12:52 11-09-2023 | icon 1344
Füzulidə daha 24 ailəyə evlərinin açarları təqdim olunub

Bu gün səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 92 nəfərdən ibarət 24 ailə Füzuliyə çatıb.

YeniAvropa xəbər verir ki, Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıb. Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər.

Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alıblar.

Bununla da Füzuli şəhərində 119 ailə olmaqla, 441 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.