logo

Gələn ildən şəxsin hərbi xidmətə yararlılq rəyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verəcək

16:32 06-09-2023 | icon 1099
Gələn ildən şəxsin hərbi xidmətə yararlılq rəyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verəcək

Prezident İlham Əliyev sentyabrın 6-da "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərman imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən, 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında, dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Eyni zamanda, yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılacaq. Yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi üzərindən həyata keçiriləcək.

Sənədə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla altı ay müddətində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, bu Fərmanın 1-ci və 2-ci hissələrindən irəli gələn maliyyələşməni təmin etmək, Agentliyin inzibati bina ilə təmin edilməsi üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Nazirliyə isə 2024-cü il iyulun 1-dək altsistemin təkmilləşdirilməsini təmin etmək, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək həvalə edilib.