logo

İlin sonunadək Füzuliyə 846 ailənin köçürülməsi planlaşdırılır

11:55 06-09-2023 | icon 1946
İlin sonunadək Füzuliyə 846 ailənin köçürülməsi planlaşdırılır

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə bağlı əməkdaşlıq üçün müxtəlif ölkələrdən mütəmadi şəkildə təkliflər gəlir. Təkcə dövlət səviyyəsində deyil, hətta ayrı-ayrı ölkələri təmsil edən şirkətlərdən müxtəlif “ağıllı həllər”lə bağlı təkliflər daxil olmaqdadır. Sözsüz ki, bütün təkliflər müvafiq qaydada nəzərdən keçirilir. Əgər iqtisadi, ekoloji və enerji səmərəliliyi təmin olunarsa, layihələr icra oluna bilər.

YeniAvropa xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov söyləyib.

O bildirib ki, artıq Böyük Qayıdış mərhələli şəkildə həyata keçirilir. Bunların içərisində Laçın şəhəri, Zabux kəndi və Füzuli şəhərini xüsusilə qeyd edə bilərik. Bu proses həmin yaşayış məntəqələrində tam yekunlaşmadığı üçün ailələrin köçürülməsi bundan sonra da davam edəcək.

“Füzulidə hazırda 70 ailə yaşayır. Sentyabrın 7-si, 11-i və 15-i daha 74 ailənin Füzuli şəhərinə köçürməsi planlaşdırılır. Beləliklə, Füzulidə yaşayan ailələrin sayı 144-ə çatacaq. Sentyabrın sonuna qədər 260, ilin sonunadək isə mərhələli şəkildə 846 ailənin Füzuliyə köçürülməsi planlaşdırılır", - deyə Prezidentin xüsusi nümayəndəsi əlavə edib.