logo

Allahşükür Paşazadə Rusiyanın yeni səfiri Mixail Yevdokimovla görüşüb

16:56 31-08-2023 | icon 1288
Allahşükür Paşazadə Rusiyanın yeni səfiri Mixail Yevdokimovla görüşüb

Avqustun 31-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovla görüşüb.

QMİ-dənYeniAvropa-ya bildirilib ki, görüşdə şeyxülislam Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoslav Kilsəsi arasında səmərəli dinlərarası əməkdaşlıq əlaqələrindən danışıb. O, bu əlaqələrin dinlərarası dialoqun gözəl nümunəsi olmaqla xalqlarımız arasında qarşılıqlı anlaşma mühitini dərinləşdirdiyini və bölgəmizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Şeyxülislamlığı dövründə Moskva və bütün Rusiya Patriarxları ilə yüksək səviyyədə münasibətlərindən bəhs edən QMİ sədri Rus Pravoslav Kilsəsinin sülhyaratma potensialını vurğulayıb. Rus Pravoslav Kilsəsinin uzun illər ərzində dinlərarası dialoq müstəvisində nümunəvi fəaliyyətinə toxunaraq Patriarx Kirillin vasitəçiliyi ilə baş tutan dini liderlərin dialoqları sayəsində zamanında Ermənistan-Azərbaycan münaqişəsinin dini qarşıdurma xarakteri almasının qarşısı alındığını xüsusi diqqətə çatdırıb. Dini liderlərin sülh yönündə səylərinin davam etdirilməsinin mühümlüyünə toxunan QMİ sədri təəssüflə qeyd edib ki, erməni kilsəsi bölgədə sülhün bərqərar olması istiqamətində deyil, revanşizmi körükləmək yönündə fəal iş aparır, anti-Azərbaycan kampaniyasının önündə gedərək beynəlxalq dini platformalardan sui-istifadə edir.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında siyasi, iqtisadi, mədəni-humanitar münasibətlərlə yanaşı, dini-mənəvi əlaqələrin də mövcud səviyyəsindən razılıq ifadə olunub. QMİ sədri yeni səfirin bu əlaqələrin inkişafı istiqamətində öz səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası ilə Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq sahəsində səmərəli əməkdaşlıq münasibətlərinin mövcudluğundan, ölkəmizin dini həyatında, dini konfessiyalar müstəvisində fəal icma olaraq iştirakından razılıq ifadə edilib.

İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının işğaldan azad etdiyi ərazilərdə gedən genişmiqyaslı quruculuq işləri, infrastruktur layihələri ilə yanaşı, vandalizmə məruz qalmış dini-mənəvi irsin dirçəldilməsi, məscidlərin və pravoslav, alban-udi kilsələrinin, digər məbəd və ziyarətgahların yenidən qurulması, bərpası, qorunması sahəsində misilsiz işlər görüldüyünü deyən Allahşükür Paşazadə bütün bunların Prezident İlham Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirildiyini qürurla qeyd edib.

M.Yevdokimov Rusiya ilə Azərbaycan arasında geniş spektr üzrə münasibətlərin hər iki dövlətin mənafeləri naminə uğurla davam və inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Rusiya Federasiyası bölgədə sülhün davamlı olması, habelə humanitar yükün Qızıl Aypara Cəmiyyətinin xətti ilə Ağdam-Xankəndi yolundan keçirilməsi istiqamətində öz səylərini əsirgəmir.

Dövlət başçılarımızın səyləri sayəsində ölkələrimiz arasında çoxtərəfli əlaqələrin qurulmasından məmnunluğunu ifadə edən rusiyalı səfir Pus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası dialoq çərçivəsində nümunəvi dini-mənəvi əlaqələrin mövcudluğunu yüksək qiymətləndirib. Bu işdə böyük nüfuza malik dini lider olaraq Allahşükür Paşazadənin fəaliyyətinin böyük əhəmiyyət daşıdığını bildirib. Görüşdə xalqlarımız, dövlətlərimiz arasında mövcud dostluq, qardaşlıq, strateji əməkdaşlıq bağlarının qorunub saxlanılması, inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov da iştirak edib.