Astanada İlkin Səhiyyə Xidməti qlobal konfransı keçirilir.
YeniAvropa xəbər verir ki, 146 ölkədən səhiyyə nazirləri və nazir müavinlərinin iştirak etdiyi konfransda ümumilikdə 2 minədək nümayəndə iştirak edir.
Qeyd edək ki, qlobal konfransın məqsədi səhiyyə sahəsində ilkin səhiyyə xidmətinin inkişafında yeni bir istiqamət yaratmaqdır. İlkin səhiyyə xidməti pasiyentlərin ilk müraciət etdiyi tibbi xidmət pilləsi sayılmaqla yanaşı, əlçatanlıq, bərabərlik prinsiplərinə əsaslanan, davamlı və ilkin tibbi-sanitar xidmətləri özündə birləşdirən səhiyyə sisteminin mühüm tərkib hissəsi olmalıdır.
Konfransda İlkin Səhiyyə Xidmətinə dair yeni Bəyannamə qəbul edilib.
Əhalinin sağlamlığının qorunmasında böyük rol oynayacaq İlkin Səhiyyə Xidməti beynəlxalq təcrübəyə əsaslanan, effektivliyi sübut olunmuş strategiyadır.
Xatırladaq ki, İlkin Səhiyyə Xidməti mükəmməl bir model kimi 40 il əvvəl, 1978-ci ildə Alma-Atada (Qazaxıstan) keçirilən beynəlxalq konfransdan sonra təbliğ olunmağa başlanıb. Konfrans çərçivəsində qəbul olunmuş “Alma-Ata deklarasiyası” Dünya Səhiyyə Təşkilatının “Hamı üçün sağlamlıq” adlı qlobal strategiyasının əsas konsepsiyasına çevrilib.