Cari ilin üçüncü rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 0,25 faiz artaraq 2401 nəfər olub.
YeniAvropa xəbər verir ki, bu barədə "bp"nin cari ilin üçüncü rübünün yekun hesabatında qeyd edilib.
Bildirilib ki,2018-ci ilin ortalarından "bp"nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. Həmçinin hesabat dövründə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda təqribən 0,8 milyon dollar vəsait xərcləyib. Qeyd olunan dövr ərzində bu layihələrə hazırda davam edən 23 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxildir.
Bundan əlavə, "bp" ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin ilk üç rübündə təqribən 1 milyon dollar vəsait xərcləyib.