ABŞ-ın təhlükəsizlik xidmətləri Ağ evə göndərilən şübhəli paketi ələ keçiriblər. Orada əldəqayırma partlayıcı qurğu aşkarlanıb.
YeniAvropa xəbər verir ki, , “New York Times” qəzetinin yaydığı məlumata görə, bir gün əvvəl Bill və Hillari Klintonların Nyu-York yaxınlığındakı evlərinə poçt vasitəsilə bomba göndərilib. Onu oktyabrın 23-də günün ikinci yarısında Klintonların poçtunu yoxlayan texniki mütəxəssis aşkarlayıb. Bu gün səhər saatlarında isə sabiq prezident Barak Obamanın Vaşinqtondakı ofisinə göndərilən paketdə daha bir bomba tapılıb.
ABŞ-ın Məxfi xidmətinin məlumatına əsasən, hər üç partlayıcı qurğu milyarder Corc Sorosun Bedford şəhərində yerləşən evindəki poçt qutusunda aşkarlanan bombaya bənzəyir. Partlayıcı qurğu içərisinə barıt doldurulmuş və detonatorla təchiz edilmiş 15 santimetr uzunluğunda borudan ibarət olub.
İnsidentin məsuliyyətini hələlik heç kim öz üzərinə götürməyib. Hadisə ilə bağlı təhqiqat başlayıb.
Xatırladaq ki, oktyabrın 22-də günorta saatlarında polis Corc Sorosun Nyu-York ştatındakı evinə göndərilən bombanı partladaraq zərərsizləşdirmişdi.