Amerikanın “Mega Millions” lotereyasının təşkilatçıları 1,6 milyard dollarlıq rekord cek-potun azı bir qalibinin olduğunu elan edib.
YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilatçıların məlumatına əsasən, 6 rəqəmin uyğun gəldiyi bilet Cənubi Kaliforniya ştatında satılıb. Bununla yanaşı, bəzi ştatlarda biletlərin sayılması prosesi hələ davam edir. Əgər qaliblərin sayı çox olsa, uduş onların arasında bərabər bölünəcək.
“Mega Millions” lotereyasının cek-potu iyul ayından artmağa başlayıb. Lotereyanın 656 milyon dollarlıq əvvəlki rekordu 2012-ci ildə qeydə alınıb. O vaxt uduş üç qalib arasında bölünmüşdü. ABŞ-ın lotereya oyunları tarixindəki rekordu “Powerball” lotereyasına məxsus olub – 2016-cı ildə qalib 1,586 milyard dollar əldə edib.
Qeyd edək ki, cek-pot 30 il müddətində veriləcək ümumi ödənişlərə hesablanıb. Əgər uduş sahibi məbləği bir dəfəyə götürmək istəsə, cəmi 913 milyon dollar alacaq.
Ötən oyunda “Mega Millions” lotereyasında uduş şansı 303 milyonda bir olub, bu turda qalibin müəyyən olunması ehtimalı isə təxminən 75 faiz təşkil edib.