Noyabrın 11-də Parisdə Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın görüşü keçiriləcək. Görüş V.Putinin Fransaya səfəri çərçivəsində baş tutacaq.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya dövləti başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.Onun sözlərinə görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiya tərəfi ilə məsləhətləşmələri zamanı prezidentlərin noyabrın 11-də Parisdə görüşməsinin mümkünlüyü barədə ilkin razılaşma əldə edilib. Həmin gün Parisdə Birinci Dünya müharibəsinin sona çatmasının 100 illiyinə həsr edilən tədbirlər keçiriləcək. Rusiya və ABŞ prezidentləri təntənəli tədbirlərdən sonra görüşəcəklər. Yuri Uşakov qeyd edib ki, bu, normal ikitərəfli, tamdəyərli görüş olacaq. Görüşdə hər iki tərəfdən böyük heyət olmasa da, mühüm təmsilçilər iştirak edəcəklər.