Ötən həftəyə təsadüf edən Çin Xalq Respublikasının yaranmasının ildönümü münasibətilə bir həftəlik bayram tətili müddətində ölkənin daxili turizm sektorunun dövriyyəsi 599 milyard yuana (87 milyard ABŞ dolları) çatıb.
YeniAvropa Çinin Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, bu rəqəm ötənilki göstəricidən 9 faiz çoxdur. Bayram tətilində çinlilər əsasən turizm obyektlərinə, muzeylərə gedib, konsertlərdə, mədəni tədbirlərdə iştirak ediblər.
Çin Kommersiya Nazirliyi bayram günlərində ölkədə pərakəndə ticarət və iaşə xidməti sektorunda dövriyyənin keçənilki göstəricidən 9,5 faiz çox – 202,9 milyard dollar olduğunu açıqlayıb.
Qeyd edək ki, Çində yanvar-fevral aylarına təsadüf edən ay təqvimi üzrə yeni il və ÇXR-in yaranma günü ilə əlaqədar elan olunan bir həftəlik bayram günlərində həm ölkə daxilində, həm də xaricə turist səfərlərində hər il artım müşahidə olunur. Hazırda Çinin turizm sənayesinin dövriyyəsi 600 milyard dolları ötüb. Çin Dövlət Şurasının 2016-2020-ci illər üçün turizm planına əsasən, bu rəqəm 2020-ci ildə 1 trilyon dolları keçməlidir. Beləliklə, turizm sektorunun ümumi daxili məhsuldakı (ÜDM) payı 12 faizə çatacaq.