Polşa Baranov kəndində Avropada ən böyük hava limanı tikməyi planlaşdırır.
YeniAvropa xəbər verir ki, bu barədə “LOT Polish Airlines SA”nın baş icraçı direktoru Rafal Milçarski məlumat verib. Onun sözlərinə görə, ölkənin müasir aviasiya mərkəzinə ehtiyacı vardır.
Layihənin dəyəri 19 milyard dollar təşkil edir. İldə 45 milyon sərnişinə xidmət etmək üçün aeroporta yeni dəmiryol xətlərinin və avtomobil yollarının çəkilməsi də nəzərdə tutulub. Aeroport Londonun Xitrou, Parisin Şarl de Qoll və Amsterdamın Sxipxol kimi nəhəng hava limanları ilə rəqabət aparacaq.
Layihənin tikintisinə 2021-ci ildə, hökumətin Baranovda və yaxın şəhərlərdə torpaq əldə etməsindən sonra başlamaq nəzərdə tutulub. Reyslərin açılışı 2027-ci ilə planlaşdırılır. Sonrakı mərhələlərdə əlavə uçuş-enmə zolaqları və terminallar tikiləcək.
Qeyd edək ki, Baranov kəndi Varşavadan 40 kilometr şərqdə yerləşir.