İndoneziyada baş verən zəlzələ və sunami nəticəsində həlak olanların sayı 1407 nəfərə çatıb.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İndoneziyanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarəsi məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,4 bal gücündə zəlzələ və sonrakı iki sutka ərzində 170-ə yaxın yeraltı təkan baş verib. Zəlzələdən sonra Palu şəhərini iki metr hündürlüyündə sunami vurub. Son məlumata görə, 60 mindən çox sakin evsiz qalıb. Ölənlərin sayının artacağı istisna olunmur.
İndoneziya Sakit okean odlu dairəsi adlandırılan güclü tektonik qırılma zonasının bir hissəsidir. Yer kürəsinin bu rayonunda ən aktiv tektonik plitələr yerləşir. Onlardan biri ildə səkkiz santimetr sürətlə irəliləyir. Seysmoloqlar hər il burada maqnitudası 4 baldan yuxarı olan 6-7 min zəlzələ qeydə alırlar.