logo

Gürcüstan müxalifəti növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir

10:07 02-10-2018 | icon 2611
Gürcüstan müxalifəti növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir

Gürcüstanın “Güc birlikdədir” birləşmiş müxalifət qüvvələri ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.

YeniAvropa xəbər verir  ki, bu bəyanatla prezidentliyə namizəd, sabiq xarici işlər naziri Qriqol Vaşadze çıxış edib.

Onun sözlərinə görə, bu günlərdə “Omeqa qrup” şirkətinin rəhbəri Zaza Okuaşvilinin “Rustavi 2” televiziya kanalının efirində sabiq baş nazir, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvilinin adını korrupsiyada hallandırması bu zərurəti yaradıb.

Müxalifət lideri hesab edir ki, “Omeqa qrup”un rəhbərliyinin sıxışdırılmasında və bu şirkətdən rüşvət tələb olunmasında adıçəkilən bütün şəxslər məsuliyyətə cəlb edilməlidirlər.

Q.Vaşadze deyib: “Siyasi opponentləri, azad mətbuatı, biznes strukturlarını təqib edən hakimiyyət bu məsələni ədalətli araşdıra bilməz. Ona görə də biz növbədənkənar parlament seçkilərinin keçirilməsini qətiyyətlə tələb edirik”.

“Bundan başqa, birləşmiş müxalifət marixuananın tibbi və kosmetik məqsədlərlə yetişdirilməsini nəzərdə tutan qanun layihəsinin geri götürülməsini tələb edir”, - deyə Vaşadze vurğulayıb.

Qeyd edək ki, oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək.