İlham Əliyev Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlət başçısına kompleksdə görülmüş işlər barədə məlumat verib.
Bildirib ki, Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib. Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil ediləcək.
Kompleksin Təbiət tarixi sərgi zalı eksponatların zənginliyi ilə böyük maraq doğurur. Sərginin “Böyük pişiklər”, “Qobustan faunası”, “Azərbaycanın vəhşi heyvanlarının ayaq izləri”, “Azərbaycanın həşərat dünyası”, “Kiçik ölçülü heyvan skeletləri” guşələrində Azərbaycan və dünya faunasına aid vəhşi və ev heyvanlarının skeletləri, Azərbaycan təbiətinə aid olan həşəratlar, suda-quruda yaşayanlar və sürünənlər sərgilənir. Sərgidə nümayiş etdirilən bütün heyvan skeletləri və canlılar orijinal eksponatlardır. Bu eksponatlar bioetika normalarına uyğun olaraq hazırlanıb və bioloji ölümdən sonra Azərbaycan mütəxəssisləri tərəfindən onilliklər ərzində müxtəlif yerlərdən toplanmış heyvan skeletlərindən ibarətdir. Təbiət tarixi sərgisi Azərbaycanın faunasının zənginliyini, biomüxtəlifliyini nümayiş etdirir. Sərgidə Azərbaycan və dünya faunasına aid 98 heyvan skeleti, 870 müxtəlif növ qurudulmuş həşərat, xüsusi məhlulda nümayiş etdirilən 57 canlı, bir sıra sürünən və suda-quruda yaşayan heyvanlar, həmçinin paleontoloji eksponatlar nümayiş etdirilir. Uşaqların və məktəblilərin ətraf aləm haqqında maraqlarını artırmaq və onlarda heyvan skeletləri barədə təəssürat yaratmaq məqsədilə divarlarda müxtəlif heyvanların şəkilləri və illüstrasiyaları sərgilənir. Burada, həmçinin milli parklarımızda dövlət mühafizəsinə götürülmüş bir sıra heyvanların, o cümlədən bəbir, bezoar keçisi, ceyran, Xəzər suitisinin arealları haqqında məlumat verilir.
Kompleksdə yaradılmış Minerallar sərgisində isə Azərbaycan ərazisindən tapılan 80-ə yaxın fərqli növ mineral nümayiş etdirilir. Ziyarətçilər burada ölkəmizin hər yerindən - Qobustandan tutmuş Naxçıvana qədər əksər bölgələrdən gətirilmiş gözəl və nadir qiymətli daşlar, kristallar və geoloji nümunələri görə bilərlər. İki hissədən ibarət sərginin birinci bölməsində palçıq vulkanlarının püskürdüyü qaya brekçiyasının nümunələri, digər bölmədə isə ölkəmizdəki müxtəlif faydalı qazıntı yataqlarında tapılan minerallar nümayiş etdirilir. Burada ziyarətçilərə Yerin təki, geoloji proseslər, süxurların və mineralların əmələ gəlməsi haqqında da məlumatlar təqdim olunur. Palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirmənin artmasına və onların təbiət irsi kimi təbliğinə şərait yaradacaq.
Qeyd edək ki, ərazidə 110 nəfərlik restoran da tikilib, turistlərin vulkanları izləməsi üçün piyada yolu çəkilib. Burada panoramlı müşahidə nöqtəsi və meydança da salınıb. Bu meydançaya qalxmaqla hündürlükdən ətrafdakı palçıq vulkanlarını seyr etmək, maraqlı vaxt keçirmək mümkündür.
Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində turistlərin rahat gediş-gəlişini təmin etmək üçün avtodayanacaq salınıb. Əyləncəli vaxt keçirmək istəyən turistlər ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan kvadrosikllərlə bu çətin relyefli ərazidə tura qoşulmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, təbiətin maraqlı hadisəsi olan palçıq vulkanları dünyanın bir çox ölkəsində mövcuddur. Azərbaycan palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanları əsasən Abşeron yarımadası, Bakı ətrafındakı adalar qrupu, Şamaxı, Qobustan və cənub-şərqi Şirvanda yayılıb. Palçıq Vulkanları Turizm Kompleksində “Qılınc” palçıq vulkanını yaxından izləmək mümkündür. Bu vulkanlar bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarətdir. Sopka brekçiyası (iri qrunt süxurları) böyük bir sahəni əhatə edərək şimal-şərqə qədər uzanan iki zolaq əmələ gətirib. İyirmi hektar sahəyə yayılan brekçiyanın uzunluğu 300-500 metrdir. Bu zolaqların eni isə bəzi yerlərdə 50 metrə çatır. Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktiv sayılsa da, elmi mənbələrdə “Qılınc” vulkanının güclü püskürmələri barədə məlumata rast gəlinmir.
Azərbaycan Qırğızıstanla 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalayıb
Sabah Bakıda 19° isti olacaq
Kazanda İlham Əliyevin Rüstəm Minnixanov ilə görüşü olub
Xankəndidə yaşayan 70 yaşlı erməni qadın ölüb
Azərbaycanın iqlimlə bağlı rolu regional sülh səylərinin bir hissəsidir-Hikmət Hacıyev
İlham Əliyev BRICS Sammitində iştirak etmək üçün Kazana səfər edib
Azərbaycanın Gimnaziada İdman Oyunlarındakı bayraqdarları məlum olub
İlham Əliyev Viktor Orbanı təbrik edib
Mikro sahibkarlığa 400 milyon manatdan çox kredit verilib
QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə qrant müsabiqələrini elan edib
Azərbaycan nefti 76,56 dollara satılır
Bakıda Azərbaycan Mikromaliyyə Konfransı keçirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan Gimnaziadada 160 idmançı ilə təmsil olunacaq
Pərviz Şahbazov “Bir kəmər, bir yol” Enerji Nazirlərinin Konfransında içtirak edir
Müdafiə Nazirliyinin rəhbərliyi “SAHA EXPO 2024” sərgisinin açılışnda iştirak edib
Məşhurlar “Azercell”in tədbirində ədəbiyyatdan danışacaqlar
"COVİD-19"lu xəstələrlə işlələn həkimlərin maaşlarına əlavələr yanvaradak uzadılıb
Peşə məktəblərində təhsil alanların köçürülməsi prosesinə başlanılıb
Əsgəranda sement zavodu fəaliyyətə başlayıb
Zakir Həsənov Qırğızıstana rəsmi səfərə gedib
İlham Əliyev Rusiya ilə səhiyyə sahələrində əməkdaşlıq sazişini təsdiqləyib
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6 min manat birdəfəlik müavinət veriləcək
“Bakcell”UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
Azərbaycanda yeni rüsumlar müəyyənləşdirilir