logo

NASA teleskopu iki planet kəşf edib

16:03 22-09-2018 | icon 2702
NASA teleskopu iki planet kəşf edib

ABŞ-ın Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan beş ay əvvəl fəzaya göndərilmiş planet axtaran orbital teleskop Günəş sisteminin xaricində iki yeni planet kəşf edib.

YeniAvropa  “Reuters” agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) tranzit planet kəşfiyyatçı teleskopu (TESS) hər biri Günəş sistemindən 49 və 60 işıq ili uzaqlıqda “Qızmar Yer” və “Super Yer” planetlərini kəşf edib. Bundan başqa, 337 milyon dollar vəsait xərclənmiş TESS Yerin ətrafındakı ulduzlar arasında cırtdan planetləri də aşkar edib.

Layihənin elmi direktorunun müavini Sara Siger jurnalistlərə bildirib ki, astronomlardan ibarət qrup TESS-dən yeni kəşflər gözləyir. Onun sözlərinə görə, gecənin qaranlığında səmada işıq saçan minlərlə göy cisminin öyrənilməsinə ehtiyac var.

TESS-in sələfi olmuş “Kepler” teleskopu son 20 il ərzində 3700 cırtdan planet kəşf edib və yanacağı bitdikdən sonra sıradan çıxıb. NASA-nın yeni proqramına Yerin ölçüsünə yaxın və daha böyük planetlərin aşkar edilməsi, onlarda həyat ehtimalının olması üzrə tədqiqatlar daxil edilib. Alimlər TESS-in sayəsində 100-dən çox qayalıq səthi olan kiçik planetin kataloqunun hazırlanacağına ümid edirlər.

Yeni kəşf olunmuş “Super Yer” planeti Günəş sistemindən 60 işıq ili uzaqda olmaqla hər 6,3 gündən bir onun orbitinə yaxınlaşır. Günəş sistemindən 60 işıq ili uzaqda olan “Qızmar Yer” planeti isə hər 11 saatdan bir orbitin yaxınlığından keçir. NASA-nın TESS üzrə proqram tədqiqatçısı olan Martin Spill hesab edir ki, bu planetlərin səthində su ola bilər. Onun sözlərinə görə, astronomlar kəşf olunan yeni planetlər üzərində geniş tədqiqatlar aparacaqlar.