Koreya Respublikasının prezidenti Mun Ce-in Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfərə gəlib.
YeniAvropa xəbər verir ki, Cənubi Koreya prezidentini Pxenyan hava limanında KXDR lideri Kim Çen In qarşılayıb. Mun Ce-inin rəsmi qarşılanma mərasimi televiziya ilə canlı yayımlanıb.
Yonhap agentliyi bildirir ki, üç gün davam edəcək səfər çərçivəsində liderlər iki dəfə görüşərək Koreya yarımadasının nüvə silahsızlaşdırılması məsələsini müzakirə edəcəklər. Mun Ce-ini səfərdə dövlət rəsmilərindən, iş adamlarından və jurnalistlərdən ibarət geniş nümayəndə heyəti müşayiət edir. İş adamları arasında “Samsung”, “Hyundai”, “SK”, “LG” kimi şirkətlərin rəhbər şəxsləri də var.
Qeyd edək ki, bu, cari ildə Cənubi Koreya prezidenti Mun Ce-in və Şimali Koreya lideri Kim Çen In arasında baş tutan üçüncü görüş olacaq. Bundan başqa, Mun Ce-in Şimali Koreyaya səfər edən 3-cü Cənubi Koreya dövlət başçısıdır.