logo

Emmanuel Makronun populyarlıq reytinqi rekord minimuma enib

18:49 11-09-2018 | icon 2576
Emmanuel Makronun populyarlıq reytinqi rekord minimuma enib

Fransa prezidenti Emmanuel Makronun populyarlıq reytinqi onun prezidentliyi müddətində ən aşağı səviyyəyə enib.

YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat “Odoxa” kompaniyasının keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

Sentyabrın 11-də dərc olunan sosioloji sorğunun yekunlarına əsasən, hazırda fransızların cəmi 29 faizi Makronun fəaliyyətindən razıdır. Bu göstərici yayın əvvəlindən bəri 12 faiz aşağı düşüb.

Sosioloqlar sentyabrın Makron üçün “qara” ay olduğunu və Yelisey sarayının sabiq əməkdaşı Aleksandr Benall ilə bağlı işin dövlət başçısına etimad səviyyəsinə nəzərəçarpacaq mənfi təsir göstərdiyini qeyd edirlər.

Xatırladaq ki, seçki kampaniyası zamanı Makronun təhlükəsizlik üzrə komandasına başçılıq edən və sonradan Yelisey sarayında işləyən Benall ətrafında qalmaqal bu ilin yay aylarında başlayıb. İyulda Fransa prokurorluğu onun barəsində ilkin təhqiqata start verib. Benall 2018-ci ilin mayında Parisdə keçirilən nümayişlər zamanı gənc oğlan və qızı döyməkdə şübhəli bilinir.

Eyni zamanda, ölkənin Baş naziri Eduar Filipin dəstək reytinqi də aşağı düşməkdə davam edir. Respondentlərin 64 faizi onun fəaliyyətini mənfi qiymətləndirir ki, bu da yayın əvvəli ilə müqayisədə 5 faiz çoxdur.

Sentyabrın 5-6-da keçirilən sorğuda mindən çox Fransa vətəndaşı iştirak edib.