logo

İsveçdə parlament seçkilərinin nəticələri koalisyon hökumətin yaradılmasını gündəmə gətirib

12:53 10-09-2018 | icon 2520
İsveçdə parlament seçkilərinin nəticələri koalisyon hökumətin yaradılmasını gündəmə gətirib

Sentyabrın 9-da İsveçdə baş tutan parlament (Riksdaq) seçkilərinin nəticələri mürəkkəb siyasi vəziyyət yaradıb.

YeniAvropa xəbər verir  ki, 10 milyon əhalisi olan İsveçdə 7,5 milyon seçici  29 seçki dairəsində Riksdaqdakı 349 deputat yeri uğrunda mübarizə aparan təxminən 6,300 namizəd arasından seçim ediblər.

Sosioloqların əvvəlcədən proqnozlaşdırdığı kimi, seçkilər gözlənilməz və yeni hökumətin formalaşmasını çətinləşdirən nəticə ilə yekunlaşıb.

Belə ki, ilkin nəticələrə əsasən,40,6 faiz səs ilə Sosial Demokratlar, Yaşıllar və Sol Partiyanın ittifaqı parlamentdə 144 yer qazanıb. Ardınca 40,3 faiz səs ilə Moderatlar, Mərkəz, Liberallar və Xristian-Demokratlar partiyalarının yer aldığı “Alyans” bloku parlamentdə 143 yer qazanıb. Seçkilərdə ən çox maraq doğuran siyasi partiya olan milliyyətçi, antimiqrant İsveç Demokratları Partiyası isə səslərin təxminən 17,6 faizini qazanaraq üçüncü yerdə qərarlaşıb.

Yerli medianın verdiyi məlumata əsasən, seçkilərin nəticələri onu deməyə imkan verir ki, tərəflərdən heç biri parlamentdə əksəriyyət səs çoxluğu qazanmadığı üçün, yeni hökuməti təkbaşına qura bilməyəcək.

Seçkilərin ilkin nəticələrini şərh edən Sosial Demokratlar Partiyasından olan hakim ittifaqın rəhbəri və ölkənin Baş naziri Stefan Lyoven bəyan edib ki, blokların heç biri əksər səsi toplamağa nail olmayıb. O, habelə gələcək hökumətin formalaşması ilə bağlı danışıqları sakit formada aparılmağı təklif edib.